Yaponiyada ayı xarici turistə hücum ETDİ

 19:42 25.08.2026     294

Yaponiyada Asiya qara ayısı Aomori prefekturasında, Tovada gölünün yaxınlığındakı müşahidə meydançasında xarici turistə hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Star” məlumat yayıb.

Hadisə avqustun 22-də səhər saat 10:10 radələrində baş verib. Təxminən 30 yaşlı kişi gölə mənzərəsi olan Kankoday müşahidə meydançası ərazisində gəzərkən ayının hücumuna məruz qalıb. Yırtıcı turistin sağ əlini dişləyib.

Yaralı helikopterlə yaxınlıqdakı Hachinohe şəhərində yerləşən xəstəxanaya çatdırılıb. Onun huşunun yerində olduğu və danışa bildiyi bildirilib. Turistin həyatına təhlükə olmadığı qeyd olunub.

Ayı isə hadisədən sonra dağlara qaçaraq gizlənib. Şəhər rəhbərliyi yerli ovçulardan yırtıcını tutmaq üçün tələlər quraşdırmağı xahiş edib. Polis də ərazidə patrul xidmətini gücləndirib və turistləri, eləcə də yerli sakinləri ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, vulkan kalderasında yerləşən Tovada gölü Tovada-Hachimantai Milli Parkının ərazisində yerləşir və turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən