İran BMT Təhlükəsizlik Şurasına müraciət ETDİ

 22:13 26.08.2026     288

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin Tehran əleyhinə həyata keçirdiyi “iqtisadi terrorizm” siyasəti ilə əlaqədar BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının üzvlərinə məktub göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, Əraqçi məktubunda “ABŞ-nin iqtisadi terrorizm siyasətinə münasibətdə İranın mövqeyini” izah edib. O, həmçinin Vaşinqtonun qanunsuz addımlarını pisləmək məsələsində BMT-nin hüquqi və mənəvi məsuliyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İranın iqtisadiyyat naziri Əli Mədənizadə ABŞ-ın ölkəyə qarşı yeni məhdudiyyətlər tətbiq etməsinə münasibət bildirib. “Biz bunu çoxdan gözləyirdik və onların planlarından tam xəbərdar idik”, - deyə nazir bildirib.

ABŞ Maliyyə Nazirliyi avqustun 25-də İrana qarşı yeni sanksiyalar elan edib. Nazirliyin məlumatına görə, yeni məhdudiyyətlər 48 hüquqi şəxsə, 24 fiziki şəxsə və 6 neft tankerinə şamil olunacaq. Yeni sanksiya paketi ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı elan etdiyi “sarsıdıcı” iqtisadi əməliyyatın bir hissəsidir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən