Aralıq dənizinin dibində iki qədim ticarət gəmisi TAPILDI
Yunanıstan və İtaliyadan olan sualtı arxeoloqlar Aralıq dənizinin dibində iki qədim ticarət gəmisinin qalıqlarını aşkar ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” İtaliya Mədəniyyət Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, gəmilərdən biri 2 100 ildən çox əvvələ aiddir. Gəmilərin üzərində yüzlərlə keramika amforasının olması həmin dövrdə mövcud olan beynəlxalq ticarət marşrutları barədə mühüm məlumatlar əldə etməyə imkan verib.
İyulun sonunda Yunanıstana məxsus Andros adası sahillərində, 39-44 metr dərinlikdə eramızdan əvvəl V əsrin sonu – IV əsrin əvvəllərinə aid gəmi qalıqları aşkarlanıb. Qalıqların ətrafında 600-650 ədəd sivri dibli amfora, həmçinin qurğuşun lövbərin bir hissəsi və ballast daşları tapılıb.
Amforaların üç müxtəlif tipə aid olduğu müəyyənləşdirilib. Xüsusilə “Soloha-II” tipli amforalar arxeoloqların diqqətini çəkib. Bu tip qabların adının Dnepr çayının sol sahilində yerləşən skif kurqanından götürüldüyü bildirilir.
Mütəxəssislərin fikrincə, müxtəlif tipli amforaların eyni gəmidə olması qədim dünyada mürəkkəb ticarət və mübadilə sisteminin mövcudluğundan xəbər verir. Tapıntılar Yunanıstan sahillərini Qara dəniz bölgələri ilə birləşdirən fəal ticarət yollarının olduğunu göstərir.
Digər qədim gəminin qalıqları isə Siciliya sahillərində aşkarlanıb. Onu ilk olaraq balıqçı Cakomo De Mola sonar vasitəsilə müəyyən edib. Gəminin qalıqları üzərində aparılan araşdırmalar onun da qədim dövrə aid olduğunu göstərib.
İtaliyanın mədəniyyət naziri Alessandro Culinin sözlərinə görə, Siciliya yaxınlığında aşkarlanan gəmi qalıqları son illərin ən mühüm sualtı arxeoloji tapıntılarından biridir.
Alimlər qeyd edirlər ki, Aralıq dənizinin dibindəki bu cür gəmi qalıqları qədim iqtisadiyyat və ticarət əlaqələri haqqında qiymətli məlumatlar verir. Müasir texnologiyalar, o cümlədən üçölçülü skanlaşdırma, artefaktları onlara zərər vermədən araşdırmağa imkan yaradır.
NURİYYƏ













