Paşinyandan Rusiyaya sərt İTTİHAM: "Öhdəliklərini yerinə yetirmədi"
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən mətbuat konfransında Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təhlükəsizlik sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, Paşinyan Ermənistan hökumətinin 2026-2031-ci illər üzrə proqramında Rusiyanın strateji tərəfdaş kimi qeyd olunmamasına da münasibət bildirib.
O, 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələri xatırladaraq, həmin dövrdən sonra Moskva ilə strateji tərəfdaşlıqdan danışmağın çətin olduğunu vurğulayıb.
Baş nazir qeyd edib ki, Rusiya və KTMT Ermənistanın təhlükəsizliklə bağlı gözləntilərini qarşılamayıb. Paşinyan “İndi proqrama strateji tərəfdaşlıq yazsaq, siz də soruşacaqsınız ki, bəs niyə Rusiya və KTMT həmin dövrdə öz təhlükəsizlik öhdəliklərini yerinə yetirmədilər?” deyə bildirib.
Ermənistan hökumətinin yeni proqramında Rusiya ilə münasibətlərin “bölgədə sülhün bərqərar olunması üçün yeni şərtlər çərçivəsində” yenidən formalaşdırılacağı qeyd olunur. Sənədə əsasən, iki ölkə arasında qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq üzrə dialoq davam etdiriləcək.
Paşinyan bu yanaşmanın Ermənistan və Azərbaycan arasında sülh prosesinin nəticəsi olduğunu bildirib. Rusiya rəsmiləri isə daha əvvəl dəfələrlə açıqlayıblar ki, Moskvanın təhlükəsizlik öhdəlikləri beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisi kimi tanınan Qarabağı əhatə etmir və yalnız Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə şamil olunur.
Aminə ŞAHSUVARQIZI













