Tramp ABŞ Kosmik Akademiyasının yaradılması ilə bağlı sərəncam İMZALADI
ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması prosesinin başlanması ilə bağlı sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, Ağ Ev bununla bağlı “YouTube” kanalında yayım həyata keçirib.
ABŞ lideri bildirib ki, ölkənin kosmosla bağlı ambisiyaları Aya və ondan da uzaqlara qədər uzanır.
“Şübhəsiz ki, bununla məşğul olacaq bütöv bir ixtisaslı hərbçilər, mülki mütəxəssislər və digər şəxslər nəslini öyrətməli və hazırlamalıyıq. Məhz buna görə də bir neçə dəqiqə sonra yeni milli akademiyanın – ABŞ Kosmik Akademiyasının yaradılması prosesinin başlanması ilə bağlı sərəncam imzalayacağam. Bu, çox mühüm hadisədir”, - deyə Tramp Hyustondakı Conson adına Kosmik Mərkəzdə amerikalı astronavtların təltifetmə mərasimində çıxışı zamanı bildirib.
Qeyd edək ki, avqustun 23-də “Artemis II” tarixi Ay missiyasının ekipajına – komandir Rid Uayzman, pilot Viktor Qlover, missiya mütəxəssisi Kristina Kox və kanadalı astronavt Ceremi Hansena – ABŞ-ın kosmosun tədqiqində nailiyyətlərə görə ən yüksək mükafatlardan biri olan Konqres Kosmik Şərəf Medalı veriləcəyi açıqlanıb.
NASA-nın məlumatına görə, indiyədək bu medala cəmi 30 astronavt layiq görülüb. Onların arasında Aya ilk ayaq basan insan Nil Armstronq və amerikalılar arasında Yer ətrafında ilk orbital uçuşu həyata keçirən Con Qlen də var.
Xədicə BAXIŞLI













