Kişi 30 manat borc üstündə tanışını döyüb QAÇIRDI
Rusiyanın Sverdlovsk vilayətində 1500 rubl (30 manat) borca görə tanışını döyərək qaçıran kişi 7 il müddətinə azadlıqdan məhrum edilib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
İstintaqın məlumatına görə, həmin axşam kişi tanışına çoxsaylı zərbələr endirib və onun qabırğalarını sındırıb. Daha sonra zərərçəkəni zorla avtomobilin baqajına yerləşdirərək yaşayış olmayan əraziyə aparıb.
Orada təqsirləndirilən şəxs zərərçəkənin hərəkət azadlığını məhdudlaşdırıb və ondan borcunu qaytarmasını tələb edib. Məhkəmə müəyyən edib ki, cinayətin motivi 1500 rubl məbləğində ödənilməmiş borc olub.
Zərərçəkən cinayətkarın onu nəzarətsiz qoyduğu vaxt meşəlik əraziyə qaçaraq xilas ola bilib.
Məhkəmə şəxsi insan oğurluğu və sağlamlığa orta ağır zərər vurmaqda təqsirli bilib.
Qeyd edilib ki, təqsirləndirilən şəxs daha əvvəl də cinayət məsuliyyətinə cəlb olunub. O, 2025-ci ildə ağır cinayətə görə 14 illik həbs cəzasını çəkdikdən sonra azadlığa çıxıb. Məhkəmənin qərarı ilə təkrar cinayət törədən şəxs xüsusi rejimli cəzaçəkmə müəssisəsində 7 il müddətinə azadlıqdan məhrum edilib.
NURİYYƏ













