Yemək acı olduğu üçün əmisi oğlunu öldürdü - FOTO
ABŞ-nin Nyu-Meksiko ştatında 22 yaşlı kişi yeməyin acılığı üstündə əmisi oğlu ilə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və nəticədə 25 yaşlı kişi güllələnərək öldürülüb.
Redaktor.az xəbər verir ki, “New York Post”un məlumatına görə, Ervin Joaquin Gutierrez qardaşı Nathaniel Cavazos və digər qohumu ilə birlikdə evdə axşam yeməyi hazırlayıb. Onlar qarğıdalı unundan hazırlanan və üzərinə acı bibərli sous əlavə edilən Meksika yeməyi bişiriblər.
Yemək zamanı Gutierrez hazırlanan yeməyin daha acı olduğunu deyərək Cavazosdan onu dadmasını istəyib. Cavazos isə eyni ərzaqlardan və eyni miqdarda istiotdan istifadə etdiklərini bildirərək bunu etməkdən imtina edib.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Qohumlardan biri onların sakitləşməsi üçün it gəzdirməyə çıxmalarını təklif edib. Lakin küçədə də mübahisə davam edib və tərəflər arasında dava düşüb.
Məlumata görə, Cavazos Gutierrezi döyüb. Bundan sonra Gutierrez tapançasını çıxararaq əmisi oğluna bir neçə dəfə atəş açıb. Güllələr Cavazosun kürəyinə dəyib. Həkimlərin səylərinə baxmayaraq, 25 yaşlı kişi həyatını itirib.
Hadisədən sonra Gutierrez ərazidən qaçıb. O, daha sonra qohumuna mesaj yazaraq Cavazosun onu öldürməklə hədələdiyini iddia edib.
22 yaşlı Gutierrez polis tərəfindən saxlanılıb.
Aytəkin TOFİQQIZI














