Putin Si Cinpinlə Bişkek görüşünü yüksək qiymətləndirdi
Rusiya Prezidenti Vladimir Putin Çinin Sədri Si Cinpinlə Bişkekdə keçirilən görüşü “məzmunlu və çox səmimi” adlandırıb.
Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin bunu Şərq İqtisadi Forumunun (ŞİF) kuluarında ÇXR Dövlət Şurasının Baş nazir müavini Din Syuesyanla görüşündə deyib.
“Cəmi iki gün əvvəl Qırğızıstanda, Bişkekdə dostum, sədr Si Cinpinlə son dərəcə faydalı, məzmunlu və çox səmimi görüş keçirdik”, – deyə Rusiya lideri bildirib.
Putin, həmçinin Çinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu və Şərq İqtisadi Forumunda nümayəndə heyətlərinin yüksək səviyyədə iştirakına görə Pekinə təşəkkür edib. O qeyd edib ki, Moskva-Pekin münasibətləri bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq və qarşılıqlı anlaşma prinsipləri əsasında inkişaf edir. Rusiya Prezidenti ilin yekunlarına görə iki ölkə arasında ticarət dövriyyəsində yeni rekord gözlənildiyini bildirib.
Dövlət başçısı Çinlə enerji sahəsində əməkdaşlığın da dərinləşdiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya Çinin atom enerjisi sahəsində əsas tərəfdaşıdır.
“Moskva Pekinin dinc atom enerjisi sahəsində əsas tərəfdaşıdır”, - Putin deyib.
NURİYYƏ













