ABŞ-dən İrana dəstək verən ölkələrə yeni sanksiya XƏBƏRDARLIĞI

 17:32 02.09.2026     222

ABŞ Maliyyə naziri Skott Bessent İranı dəstəkləyən ölkə və qurumların müəyyən edilərək onlara qarşı sanksiyalar tətbiq ediləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Bessent “Fox News”a açıqlamasında Vaşinqtonun İranın maliyyə şəbəkələrinə qarşı təzyiqləri genişləndirəcəyini deyib. Nazir bu addımı Yaxın Şərqdəki münaqişəyə son qoymağın “ən sürətli yolu” kimi qiymətləndirib. 

Bessent bildirib ki, ABŞ İranın fəaliyyətinə yardım edən tərəfləri sistematik şəkildə müəyyənləşdirəcək və onların qarşısını almaq üçün maliyyə məhdudiyyətləri tətbiq edəcək.

ABŞ artıq Misirin “Banque Misr” bankının Birləşmiş Ərəb Əmirliklərindəki filiallarına qarşı tədbirlər görüb. Vaşinqtonun məlumatına görə, həmin filiallar İranın kölgə bankçılığı şəbəkəsi ilə əlaqəli təxminən 1,8 milyard dollarlıq əməliyyatların həyata keçirilməsində rol oynayıb. ABŞ Maliyyə Nazirliyi bu addımı Tehranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq kampaniyasının bir hissəsi kimi təqdim edib. 

Bessent həmçinin İranla maliyyə əlaqələri saxlayan digər bank və qurumların da hədəfə alına biləcəyinə işarə edib. ABŞ rəsmiləri Çinin İranın əsas ticarət tərəfdaşlarından biri olması səbəbindən Pekinə qarşı mümkün əlavə sanksiyaların da gündəmdə olduğunu bildirirlər. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da daha əvvəl İranla əməkdaşlıq edən Çin banklarına qarşı sanksiyaların tətbiq edilə biləcəyini açıqlayıb. Vaşinqtonun yeni strategiyası İranın iqtisadi və maliyyə əlaqələrini mümkün qədər daraltmaqla Tehran üzərində təzyiqi artırmağa yönəlib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən