Rusiya Uzaq Şərq və Arktikadakı ərazilərini inkişaf etdirməli və gücləndirməlidir - Putin
Rusiya yalnız Uzaq Şərq və Arktikanın geniş ərazilərini öz nəzarətində saxlamaqla kifayətlənməməli, onları inkişaf etdirməli və möhkəmləndirməlidir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərq Federal Dairəsinin inkişafı ilə bağlı keçirilən müşavirədə bildirib.
Putin qeyd edib ki, əsas məqsədlərdən biri regionda əhalinin azalmasının qarşısını almaq və iqtisadi artım tempini təmin etməkdir.
“Biz Rusiyanın bu nəhəng ərazilərini sadəcə qoruyub saxlamaqla kifayətlənməməli, onları inkişaf etdirməli, gücləndirməli və bütövlükdə Rusiyanın inkişafı üçün etibarlı, perspektivli vasitəyə çevirməliyik”, - deyə dövlət başçısı bildirib.
Rusiya lideri Uzaq Şərq və Arktika regionlarının potensialının daha da üzə çıxarılmasının vacibliyini vurğulayıb. O, ərazilərin rəqabət üstünlüklərindən, o cümlədən dünyanın əsas iqtisadi inkişaf mərkəzlərinə yaxınlığından səmərəli istifadə etməyə çağırıb.
Bundan əlavə, Putin bu ərazilərdə ayrı-ayrı dəstək tədbirlərindən vahid güzəştli rejimə keçidi müzakirə etməyi təklif edib.
Qeyd edək ki, Rusiya Prezidenti daha əvvəl Arktika regionunun ölkə iqtisadiyyatının gələcək inkişafı və suverenliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıdığını bildirib.
Xədicə BAXIŞLI













