Niderland Mərkəzi Bankı ABŞ və Kanadadan 86 ton qızıl ÇIXARDI

 22:07 02.09.2026     350

Niderland Mərkəzi Bankı (DNB) 2026-cı ilin mart-avqust ayları ərzində ABŞ və Kanadada saxlanılan qızıl ehtiyatlarının bir hissəsini Böyük Britaniyanın paytaxtı Londona köçürüb.

Redaktor.az xəbər verir ki, bu barədə Niderland Mərkəzi Bankının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, ümumilikdə ABŞ və Kanadada saxlanılan təxminən 313 ton qızılın 86 tonu Londona daşınıb. Mərkəzi Bank bu addımı geosiyasi gərginliyin artması, ehtiyatların likvidliyinin yüksəldilməsi və ağır böhranlara hazırlığın gücləndirilməsi ilə izah edib.

Bildirilib ki, Nyu-York və Ottavada saxlanılan qızıldan böhran vəziyyətində İngiltərə Bankına etibar edilən Londondakı ehtiyatlar qədər sürətli və birbaşa istifadə etmək mümkün olmaya bilər.

Əməliyyat çərçivəsində Nyu-Yorkda təxminən 59 ton qızıl satılıb və eyni həcmdə qiymətli metal Londonda alınıb. Bundan əlavə, 27 tondan çox qızıl fiziki olaraq ABŞ və Kanadadan çıxarılıb.

Nəticədə Amsterdamın Londonda saxladığı qızılın payı rekord həddə çataraq ümumi 612,4 tonluq ehtiyatın 32,1 faizini təşkil edib.

Niderland qızıl ehtiyatlarının bir hissəsini ABŞ-dan çıxaran yeganə ölkə deyil. Mart ayında Fransa da qızıl ehtiyatlarının ABŞ-dan çıxarılmasını başa çatdırıb. Fransa qiymətli metal ehtiyatlarının təxminən 5 faizini ABŞ-da saxlayırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən