Madriddə və İspaniyanın digər şəhərlərində Seutaya dəstək mitinqləri keçirildi
Madriddə və İspaniyanın digər şəhərlərində miqrant böhranı ilə üzləşən Seuta şəhərinə dəstək məqsədilə kütləvi mitinqlər keçirilib.
Redaktor.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, aksiyalarda İspaniya hökumətinin miqrasiya siyasəti tənqid olunub və hakimiyyətdən Seutadakı vəziyyətlə bağlı daha sərt tədbirlər görülməsi tələb edilib.
45 yaşlı müəllim David Hernandez bildirib ki, İspaniya hökumətinin reaksiyası qeyri-kafi və gecikmiş olub.
Etirazçıların plakatlarında hakimiyyətdən “işğalçıları qovmaq” tələbləri səsləndirilib, həmçinin vahid Avropaya “xalqı xain hökumətdən xilas etmək” çağırışları yer alıb. Aksiyada İspaniyanın Baş naziri Pedro Sançezin istefası da tələb olunub.
İspaniya hökumətinin Madriddəki nümayəndəliyinin məlumatına görə, paytaxtdakı aksiyada təxminən 50 min nəfər iştirak edib. Madrid şəhər rəhbərliyi isə iştirakçıların sayının 150 minə yaxın olduğunu açıqlayıb.
Məlumata görə, Madriddə keçirilən aksiya zamanı etirazçılarla polis arasında toqquşma baş verib. İspaniya təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edib, hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edək ki, bundan əvvəl İspaniyanın Seuta muxtar şəhərində də yüzlərlə miqrant etiraz aksiyası keçirib. Aksiya iştirakçıları İspaniya bayraqlarını dalğalandıraraq Avropa ölkəsində sığınacaq tələb edən plakatlar nümayiş etdiriblər.
Aminə ŞAHSUVARQIZI













