Paşinyan Putinlə görüşünün detalları barədə DANIŞDI

 13:45 03.09.2026     222

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 1-də Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdən sonra danışıqların detalları barədə açıqlama verib.

Redaktor.az xəbər verir ki, Paşinyan görüşlə bağlı qiymətləndirmələrini feysbuk hesabında yayımladığı videomüraciətdə bölüşüb.

Ermənistanın Baş naziri Vladimir Putinlə görüşünün çox yaxşı keçdiyini bildirib.

“Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı görüş keçirdim. Qarşıdakı Moskva səfərim zamanı səmimi və konstruktiv dialoqu davam etdirmək barədə razılığa gəldik. Qeyd etmək lazımdır ki, Ermənistan-Rusiya münasibətləri hər iki ölkə üçün son dərəcə vacibdir və biz bu münasibətlərə böyük həssaslıqla yanaşırıq. Rusiya Federasiyası da Prezident Putinin rəhbərliyi ilə bu münasibətlərə eyni həssaslıqla yanaşır”, - deyə Paşinyan bildirib.

Paşinyan mövcud şəraitin dəyişdiyini vurğulayaraq, yeni mühit və şərtlər çərçivəsində iki ölkə arasındakı münasibətlərin yenidən formalaşdırılmasına ehtiyac olduğunu qeyd edib.

“Bu yenidən formalaşdırma nəticəsində münasibətlərimizin daha yaxşı, daha konstruktiv, qarşılıqlı faydaya əsaslanan və daha isti olacağına inanıram”, - deyə Ermənistanın Baş naziri əlavə edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən