Arxeoloqlar torpaqda gizlənən artefaktları aşkarlayan kamera HAZIRLADILAR

 17:16 03.09.2026     234

Danimarkalı arxeoloqlar torpaqda insan gözü ilə görünməyən qədim artefaktları aşkar etməyə imkan verən yeni kamera hazırlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Danimarkanın Orhus Universiteti və Mosqor Muzeyinin mütəxəssislərinin apardığı araşdırmaya istinadən “Journal of Archaeological Science” məlumat yayıb.

JoAT adlandırılan yeni cihaz işıqsaçan diodlar və Raspberry Pi mik kompüteri əsasında hazırlanıb. Sistem torpağın müxtəlif təbəqələrini ayırd etməyə, eləcə də arxeoloji obyektlərə zərər vermədən qədim sümük parçalarını aşkar etməyə imkan verir.

Kamera qazıntı sahəsini ultrabənövşəyi şüalardan yaxın infraqırmızı diapazona qədər 16 müxtəlif dalğa uzunluğunda işıqlandırır. Bu üsul insan gözünün görə bilmədiyi material parıltılarını və torpaq təbəqələri arasındakı fiziki fərqləri müəyyən etməyə şərait yaradır.

Sistem Danimarkanın Bornholm adasında yerləşən Dəmir dövrünə aid Sorte Muld yaşayış məskənində sınaqdan keçirilib. Orqanik maddələrin yüksək olması səbəbindən burada torpaq əsasən eyni qara rəngdədir. Yeni texnologiya sayəsində tədqiqatçılar qazıntılar zamanı torpaqda gizlənən təbəqələri ayırd edə və qədim sümük fraqmentlərini aşkar edə biliblər.

Tədqiqatın aparıcı müəllifi, Mosqor Muzeyinin Arxeoloji İT şöbəsinin əməkdaşı Devid Stott bildirib ki, sistemin materialların parıltısını aşkar etmək qabiliyyəti qazıntı zamanı nümunələrin seçilməsi baxımından mühüm əhəmiyyət daşıya bilər.

Onun sözlərinə görə, bu xüsusiyyət kollagenin mövcudluğunu müəyyən etməyə kömək edir. Kollagen isə DNT və zülalların qorunub saxlanma vəziyyətinin etibarlı göstəricilərindən biri hesab olunur.

Hazırda arxeoloqlar torpaq təbəqələrinin sərhədlərini müəyyənləşdirərkən əsasən vizual müşahidələrə güvənirlər. Lakin üzvi maddələrlə zəngin “qaranlıq torpaqlarda” bu üsul kifayət qədər effektiv deyil.

Adi hiperspektral kameraların baha olması və aşağı məkan ayırdetmə qabiliyyəti də onların qazıntı sahələrində geniş istifadəsini məhdudlaşdırır.

Alimlərin hazırladığı yeni sistem isə analoqlarından təxminən 20 dəfə ucuzdur. Bundan əlavə, cihaz əldə etdiyi məlumatları demək olar ki, real vaxt rejimində emal edir və bir görüntünün hazırlanması təxminən 5 dəqiqə çəkir.

Tədqiqatçılar hesab edirlər ki, portativ cihaz gələcəkdə arxeoloqlara hansı torpaq sahələrindən mürəkkəb laboratoriya analizləri üçün nümunə götürülməsinin daha dəqiq müəyyənləşdirilməsinə imkan verəcək.

Alimlərin fikrincə, texnologiyanın gələcək inkişafı mürəkkəb arxeoloji abidələrin gizli xüsusiyyətlərinin üzə çıxarılmasına və qədim yaşayış məskənlərinin tədqiqi metodlarının təkmilləşdirilməsinə kömək edə bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən