Kallas fon der Lyayenin Aİ-nin xarici siyasətindəki rolunu tənqid ETDİ

 17:23 03.09.2026     227

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-də xarici siyasət qərarlarının faktiki olaraq Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen tərəfindən qəbul edilməsindən narazılığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

Kallas İrlandiyada Aİ ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunları ilə bağlı çıxışında bildirib ki, onun üzərində qərarları faktiki qəbul edən başqa bir şəxsin olması problem yaradır.

“Əgər problem məndən yuxarıda qərarları əslində qəbul edən birinin olmasıdırsa, bu belə işləmir. Gəlin tam açıq danışaq”, - deyə Kallas bildirib.

“Euractiv” Kallasın bu açıqlamasını fon der Lyayenə qarşı birbaşa tənqid kimi qiymətləndirib.

Aİ-nin institusional strukturuna əsasən, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə eyni zamanda Avropa Komissiyasının sədr müavini vəzifəsini daşıyır. O, üzv dövlətlərlə Aİ-nin icraedici orqanı arasında əlaqələndirməyə cavabdehdir.

Kallasın açıqlaması Almaniyanın Fransa tərəfindən də dəstəklənən Aİ-nin xarici siyasət aparatında islahat aparılması təşəbbüsü fonunda səslənib. Təklifə əsasən, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) bir sıra funksiyalarının Avropa Komissiyasına ötürülməsi və Kallasın Komissiya daxilində, xüsusilə miqrasiya, inkişaf və humanitar yardım sahələrində səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.

Kallas bildirib ki, Aİ ölkələrinin xarici işlər nazirləri ümumilikdə mövcud institusional strukturun qorunub saxlanılmasını dəstəkləyiblər. “Euractiv”in məlumatına görə, Almaniyanın təklifləri görüşdə əsasən təmkinli qarşılanıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən