Qayalıqlar arasında sıxışan ayı xilas EDİLDİ
Türkiyənin Trabzon şəhərinin Çaykara rayonunda qayalıqlar arasında sıxışaraq köməksiz vəziyyətdə qalan boz ayı xilas edilib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, yüksək ərazilərdə qida axtaran ayı Köknar məhəlləsinə enib. Ərazidə yaşayan sakinlər onun dərədə qayalıqlar arasında ilişib qaldığını görüblər.
Ayının dik yamacdan yuvarlanaraq dərəyə düşdüyü ehtimal edilir. Sakinlər jandarmaya və Təbiətin Mühafizəsi və Milli Parklar İdarəsinin əməkdaşlarına məlumat verərək xilasetmə işlərinə başlayıblar.
Suya girən sakinlər huşsuz vəziyyətdə olan ayını brezentin üzərinə qoyaraq sahilə çıxarıblar. Daha sonra heyvan aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib. Ayı lazımi müayinə, qulluq və müalicə üçün Təbiətin Mühafizəsi və Milli Parklar Şöbə Müdirliyinə aparılıb. Müalicədən sonra onun yenidən təbii yaşayış mühitinə buraxılacağı bildirilib.
NURİYYƏ













