“Ukrayna üçün əsas çətinliklər qış və vəsait çatışmazlığıdır” - Zelenski
Ukraynanın hazırda üzləşdiyi əsas çətinliklər qarşıdan gələn qış və ciddi büdcə kəsirləridir.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ və Aİ nümayəndələri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Məlumata görə, dövlət başçısı ölkənin hərbi-sənaye kompleksi, hərbi maliyyələşdirmə və humanitar məqsədlər üçün ciddi vəsait çatışmazlığı yaşadığını vurğulayıb.
Zelenski həmçinin qeyd edib ki, əgər qarşıdan gələn qış mövsümündə hərbi əməliyyatlar davam edərsə, Vaşinqtonun yeni yardım paketinə böyük ümid bəsləyirlər.
Bildirilir ki, bu ərəfədə Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner ilə görüşüb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov üç saatdan çox davam edən danışıqların vaxtında və hər iki tərəf üçün faydalı olduğunu, görüşdə Ukrayna böhranı ilə yanaşı iri Rusiya-Amerika layihələrinin də müzakirə edildiyini bildirib.
Aminə ŞAHSUVARQIZI













