Moskvadan Almaniyaya XƏBƏRDARLIQ - "Rusiya fərqli formata keçəcək"
Berlin Ukraynaya uzaqmənzilli "Taurus" qanadlı raketləri tədarük etmək qərarına gələrsə, Rusiya fərqli bir formata keçəcək.
Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyinin yaydığı məlumata istinadən Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bildirib.
Məlumata görə, diplomat Almaniya tərəfinin mümkün addımlarını dəyərləndirərkən Rusiya Prezidenti Vladimir Putinin daha əvvəl səsləndirdiyi xəbərdarlıqları xatırladıb. Səfir qeyd edib ki, bu cür mürəkkəb raket sistemlərini ukraynalı hərbçilər deyil, məhz alman mütəxəssisləri idarə etməli olacaqlar.
Bildirilir ki, Sergey Neçayev Almaniyanın bu addımının Moskva üçün "qırmızı xətlərin" keçilməsi mənasına gəlib-gəlməyəcəyi ilə bağlı suala cavab verərkən "Əgər belədirsə, bu, tamamilə fərqli bir məsələ olardı" deyərək vəziyyətin kəskin dəyişəcəyini vurğulayıb.
Qeyd edək ki, Rusiya rəsmiləri Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli silahlar tədarük etməsinin münaqişə zonasındakı gərginliyi artırdığını və qarşıdurmanı yeni müstəviyə keçirdiyini dəfələrlə bəyan ediblər.
Aminə ŞAHSUVARQIZI













