Epilepsiya tutmasından sonra qadın sözləri tərsinə DEYİR
ABŞ-də yaşayan qadın keçirdiyi ağır epilepsiya tutmasından sonra sözləri tərsinə demək, oxumaq və yazmaq qabiliyyəti qazandığını bildirib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Mixal Sklar 2010-cu ilin oktyabrında, 17 yaşına bir gün qalmış ağır epilepsiya tutması keçirib. Xəstəxanada olduğu müddətdə o, həkim və tibb bacılarının danışdıqlarını avtomatik olaraq tərsinə qəbul etməyə başladığını hiss edib.
Skların sözlərinə görə, təxminən dörd hecalı və ya daha qısa sözlərin tərs variantı dərhal onun beynində yaranır. O, sözləri tərsinə deməklə yanaşı, bu şəkildə oxuya və yaza da bilir.
Qadın əvvəlcə bu vəziyyətdən qorxub. Bəzən yuxudan oyandıqda beynində mahnıların tərsinə səsləndiyini eşidib. Lakin zaman keçdikcə bu xüsusiyyətini idarə etməyi öyrənib.
Skların qeyri-adi bacarığı alimlərin də diqqətini çəkib. Oksford Universitetinin tədqiqatçıları oxşar qabiliyyətlərə malik insanların araşdırılmasında iştirak etmək üçün onu dəvət ediblər.
Sklar öz bacarığını “faydasız supergüc” adlandırır. O bildirib ki, sosial şəbəkələrdə tanındıqdan sonra illərdir onun üçün adi olan bu xüsusiyyətin digər insanlar üçün olduqca böyük bir sirr olduğunu anlayıb.
NURİYYƏ













