Ukraynanın avqustda borc ödənişləri 1 milyard dolları KEÇDİ
Ukrayna avqust ayında dövlət borcuna xidmət və onun ödənilməsi üçün 721,8 milyon dollar, Beynəlxalq Valyuta Fonduna (BVF) kredit öhdəlikləri üzrə isə 285,2 milyon dollar vəsait ödəyib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının mətbuat xidməti məlumat yayıb.
BVF-nin məlumatına görə, Kiyevin ödənişlərinə kredit proqramları üzrə vəsaitlərin qaytarılması, həmçinin faiz və müxtəlif rüsumlar daxildir. Beləliklə, Ukraynanın avqust ayında borcları üzrə ümumi ödənişlərinin həcmi 1 milyard dolları ötüb.
Qeyd edək ki, sentyabrın 7-də Ukraynanın dövlət və dövlət zəmanətli borcunun iyul ayının yekunlarına əsasən 214,18 milyard dollara çatdığı məlum olub. Borcun həcmi bir ay ərzində 2,58 milyard dollar artıb.
İyulun 31-nə olan məlumata görə, ölkənin ümumi borcu qrivna ilə 9,572 trilyon qrivna təşkil edib. Dövlətin xarici borcu 163,34 milyard dollara, daxili borcu isə təxminən 45 milyard dollara çatıb.
Avqustun 31-də Ukraynanın dövlət borcunun hər ay 4-5 milyard dollar artdığı bildirilmişdi.
Xədicə BAXIŞLI













