ABŞ-nin keçmiş səfirindən Uitkoff və Kuşnerə xəbərdarlıq: "Sübut yoxdur"
ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin apardığı “məkik diplomatiyası”nın effektivliyinə dair heç bir ictimai sübutun olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, Makfol bu barədə sosial şəbəkə platforması X-də paylaşım edib.
Makfol yazıb ki, Uitkoff və Kuşnerin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə görüşməsini alqışlayır.
Keçmiş səfir eyni zamanda amerikalı emissarların verdiyi bəzi açıqlamaları tənqid edib.
“Uitkoff və Kuşnerin Putin və Zelenski ilə danışmasını alqışlayıram. Uitkoff və Kuşnerin utancverici açıqlamalar verməsinə təəssüf edirəm. Onlar mətbuat konfransları verməyi dayandırmalıdırlar”, - deyə Makfol bildirib.
Onun sözlərinə görə, ABŞ emissarlarının danışıqlar zamanı hər hansı nəticəyə nail olduqlarını göstərən açıq mənbəli dəlil yoxdur.
“Ümid edirəm ki, bağlı qapılar arxasında hekayə daha nikbin görünür”, - deyə Makfol əlavə edib.
Qeyd edək ki, daha əvvəl Stiv Uitkoff və Cared Kuşner Moskva və Kiyevə səfər edərək Ukrayna böhranının həlli perspektivləri ilə bağlı danışıqlar aparıblar. Bir sıra görüşlərdən sonra Uitkoff Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli sammitin keçirilə biləcəyini təklif edib.
Aminə ŞAHSUVARQIZI













