"Danışıqlar uzandıqca Kiyev üçün sülh şərtləri pisləşəcək" - Peskov
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov danışıqlar prosesinin uzanmasının Kiyev üçün sülh şərtlərini daha da ağırlaşdıracağını bildirib.
Redaktor.az xəbər verir ki, Peskov bu barədə "RİA Novosti"yə açıqlamasında danışıb.
Kremlin sözçüsü qeyd edib ki, danışıqların uzanması fonunda Kiyev rejimi üçün vəziyyətin hər keçən gün daha da pisləşəcəyi gözləniləndir.
"Əlbəttə ki, bu gözlənilə bilər və gözlənilməlidir. Unutmayın ki, biz çoxdan deməyə başlamışdıq ki, hər keçən gün Kiyev rejimi üçün vəziyyəti daha da pisləşdirir", - deyə Peskov bildirib.
Qeyd edək ki, sentyabrın 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu açıqlayıb. O, ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin səfəri ilə bağlı bütün şərhlərin Kreml tərəfindən verildiyini vurğulayıb.
Lavrov daha əvvəl bildirib ki, ABŞ Ukrayna məsələsi ilə bağlı Rusiya ilə təmaslarında “yerdəki reallıqların” tanınmasına əsaslanır. Onun sözlərinə görə, Uitkoff və Kuşner Donald Trampın Oval Ofisə qayıtdıqdan dərhal sonra ifadə etdiyi mövqeyə, o cümlədən Ukraynanın NATO-ya üzvlüyünün yolverilməzliyinə əsaslanırlar.
Aminə ŞAHSUVARQIZI













