Avropa ölkələri qışa qədər Ukraynaya Patriot raketləri göndərəcək
Avropa ölkələri qış başlamazdan əvvəl Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-ələkeçiricilər almağı və Kiyevə təhvil verməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa ölkələri hazırda NATO-nun Ukraynanın Prioritet Ehtiyacları Siyahısı (PURL) kimi tanınan proqramı çərçivəsində planlarını yekunlaşdırır. Bildirilir ki, raket-ələkeçiricilərin Ukraynaya qışa qədər çatdırılması nəzərdə tutulur.
Mənbələr Kiyevə neçə raket veriləcəyini açıqlamaqdan imtina ediblər. Bununla belə, onlar müzakirə olunan yardım paketinin Ukrayna Prezidenti Vladimir Zelenskinin müraciətinə birbaşa cavab olduğunu bildiriblər.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərində istifadə olunan PAC-2 raketlərindən ibarət partiya göndərəcəyini açıqlayıb.
Xədicə BAXIŞLI













