"Rusiya münaqişənin öz şərtləri ilə bitməsində maraqlıdır" - Medvedev
Rusiya Ukrayna münaqişəsinin mümkün qədər tez bir zamanda sona çatmasında maraqlıdır, amma yalnız öz şərtləri ilə – əks halda qarşıdurma tezliklə yenidən canlanacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Vedomosti" qəzetinə verdiyi müsahibədə bildirib.
Məlumata görə, siyasətçi münaqişənin gələcəkdə təkrarlanması və ya qlobal qarşıdurmaya çevrilməsi riskinin qarşısını almaq üçün şərtlərin vacibliyini vurğulayıb:
"Əgər hər hansı bir səbəbdən münaqişəyə öz şərtlərimizlə son qoymasaq, bu, demək olar ki, dərhal yenidən ortaya çıxacaq. Çünki düşmənlərimiz, bizə yaxşılıq arzulamayan dövlətlər, ölkəmizin təməllərini sarsıtmağa davam edəcək və hər fürsətdə onu hissələrə bölməyə çalışacaqlar".
Bildirilir ki, Medvedev çıxışında düşmənin hibrid müharibə taktikasına da xüsusi diqqət çəkib. O qeyd edib ki, birbaşa hərbi toqquşmaya girmədən də dövlətin təməllərini sarsıtmaq mümkündür və bütün hibrid münaqişələr məhz buna yönəlib. Bu səbəbdən əsas məqsəd mövcud münaqişəyə Moskvanın qələbəsi və şərtləri ilə yekun vurmaqdır.
Xədicə BAXIŞLI













