Paşinyan Fransaya niyə adi sərnişin təyyarəsi ilə gedib? - Səbəbi AÇIQLANDI
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya hökumət təyyarəsi ilə deyil, adi sərnişin reysi ilə yola düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya istinadən Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Harutyunyan bildirib.
Məlumata görə, mətbuat katibi hökumət başçısının adi reysdən istifadə etməsinin səbəbini 1-ci nömrəli rəsmi təyyarənin texniki yoxlamadan keçməsi ilə izah edib.
"Hökumət təyyarəsi yoxlamalardan keçdiyindən, biz də adi uçuşla gəldik", - deyə Harutyunyan vurğulayıb.
Bildirilir ki, bundan əvvəl Nikol Paşinyan "Air France" aviaşirkətinə məxsus olduğu ehtimal edilən sərnişin təyyarəsinin salonundan çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. İkigünlük işgüzar səfər çərçivəsində Ermənistan Baş nazirinin Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitdə iştirakı və Fransa Prezidenti Emmanuel Makronla görüşü nəzərdə tutulub.
Qeyd edək ki, yüksəkvəzifəli dövlət rəsmilərinin rəsmi səfərlər zamanı kommersiya reyslərindən istifadə etməsi nadir hallarda baş verən təcrübələrdəndir.
Xədicə BAXIŞLI













