İranın gizli nüvə bunkeri böyüyür: ABŞ yeni "bunkerdağıdan" silah hazırlayır
İranın Natanz nüvə kompleksinin yaxınlığında, qranit dağ massivinin altında inşa edilən obyekt ətrafında tikinti fəallığının artdığı bildirilir. Obyektin İranın nüvə proqramını mümkün hücumlardan qorumaq məqsədilə yeraltı sığınacaq kimi layihələndirildiyi ehtimal olunur.
Redaktor.az xəbər verir ki, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) ekspertlərinin məlumatına görə, 2026-cı ildən etibarən ərazidə aktiv qazıntı işlərindən daxili tikinti mərhələsinə keçilib.
Məlumata görə, tunel girişlərinin möhkəmləndirilməsi və obyektə aparan yol şəbəkəsinin örtülməsi istiqamətində də işlər aparılır.
Hazırda obyektin uranın zənginləşdirilməsi fəaliyyətinə hazır olmadığı ehtimal edilir. İsrail kəşfiyyatı isə İranın sentrifuqaları bu əraziyə köçürməyə cəhd göstərə biləcəyini irəli sürüb.
ABŞ Prezidenti Donald Tramp obyektin istənilən vaxt hədəfə alına biləcəyini bildirib. O, bölgədəki bütün hərəkətliliyin yaxından izlənildiyini və obyektin yaxın zamanda vurula biləcəyini qeyd edib.
Bildirilir ki, qranit struktur Pentaqonun arsenalında yer alan ən ağır qeyri-nüvə bombalarından biri olan GBU-57 MOP-a qarşı belə yüksək müdafiə təmin edə bilər.
ABŞ ordusunun dərin yeraltı obyektlərin məhv edilməsi məqsədilə raket sınaq poliqonlarında araşdırmalar apardığı və yeni nəsil bunkerdağıdan bomba hazırlamaq üzrə işləri davam etdirdiyi qeyd olunur.
Aminə ŞAHSUVARQIZI













