Paşinyan və Makron arasında hansı məsələlər müzakirə edilib?

 11:22 10.09.2026     178

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşündə ölkədə inşa edilməsi planlaşdırılan 8,6 kilometr uzunluğundakı Barguşat Tunelinin tikintisini müzakirə edib.

Redaktor.az xəbər verir ki, Paşinyan görüş zamanı tunelin tikintisi ilə bağlı işlərin konkret mərhələyə keçdiyini bildirib.

“Tunel tikintisi işləri konkret mərhələyə qədəm qoyub”, - deyə Ermənistanın Baş naziri qeyd edib.

Bəyanatda tikinti işlərinə mümkün qədər tez başlanmasının vacibliyinin vurğulandığı bildirilib.

Görüşdə tərəflər regional prosesləri də müzakirə ediblər. Onlar regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş addımların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Paşinyan vurğulayıb ki, sülh gündəliyinin daha da irəliləməsi və müvafiq razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi regionda sülhün möhkəmləndirilməsi baxımından əsas amillərdən biridir.

Qeyd edək ki, 2026-cı ilin mayında Ermənistan hökuməti strateji əhəmiyyətli Barguşat Tunelinin tikintisi ilə bağlı Fransanın VINCI Construction Grands Projets və Razel-Bec konsorsiumu ilə anlaşma memorandumunu rəsmi olaraq təsdiqləyib və imzalayıb.

Layihə Ermənistanın Şimal-Cənub magistral yolunun bir hissəsidir. Tunelin girişinin Sisian-Kajaran magistral yolunun tərkibində Şenatağ kəndi yaxınlığında qazılması planlaşdırılır.

Tunelin uzunluğunun 8,6 kilometr olacağı və onun Ermənistanın ən uzun, regionun isə ikinci ən uzun tuneli olacağı bildirilir.

Ölkənin cənubunda layihənin tam başa çatdırılmasından sonra Yerevandan İran sərhədinə qədər səyahət müddətinin 7 saatdan 5 saata endiriləcəyi gözlənilir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən