Samvel Karapetyan Paşinyanı məhkəməyə verdi - 3 milyon dram tələb edir
“Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı mülki iddia qaldırıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Datalex” məhkəmə informasiya sistemindən məlumat əldə edilib.
Bildirilib ki, iddia Paşinyanın seçki kampaniyası zamanı Samvel Karapetyana istinadən səsləndirdiyi fikirlərin müəyyən hissələrinə əsaslanır.
Xüsusilə, Karapetyan məhkəmədən Nikol Paşinyanın mayın 29-da onun ünvanına söylədiyi təhqiramiz ifadələrə görə açıq şəkildə üzr istəməsini tələb edir.
İddia ərizəsində Paşinyanın aşağıdakı məzmunda üzrxahlıq etməsi tələb olunur:
“Mən, Nikol Vovay Paşinyan, 29.05.2026-cı il tarixində ictimai çıxışım zamanı Samvel Karapetyanın ünvanına söylədiyim təhqiramiz ifadələrə görə Samvel Sarkisyan Karapetyandan üzr istəyirəm”.
Tələbə əsasən, Paşinyan üzrxahlıq mətnini canlı yayımda video formatında “Mən, Nikol Vovanın Paşinyanı, Samvel Sarkisyan Karapetyandan üzr istəyirəm” başlığı altında yayımlamalıdır.
İddia ərizəsində qeyd olunur ki, üzrxahlıq videosunda və onun başlığında Nikol Paşinyanın və ya hər hansı üçüncü şəxsin əlavə və şərhləri olmamalı, yalnız üzrxahlıq mətni yer almalıdır.
Samvel Karapetyan təhqirə görə kompensasiya olaraq Nikol Paşinyandan 3 milyon dram tələb edir. Bundan əlavə, dövlət rüsumu və ağlabatan vəkil haqqı daxil olmaqla hüquqi xərclərin də qarşı tərəfdən ödənilməsini istəyir.
Qeyd edək ki, iddia ərizəsi sentyabrın 9-da məhkəməyə daxil olub. İş İrəvan Mülki Məhkəməsinin hakimi Tiqran Qriqoryanın icraatına verilib.
Aminə ŞAHSUVARQIZI













