Hindistanda fil hücumları: sakinlər magistral yolu bağladı - FOTO
Hindistanın Assam əyalətində iki gün ərzində vəhşi fillərin hücumu nəticəsində iki nəfər ölüb.
Redaktor.az xəbər verir ki, “The Assam Tribune” qəzetinin məlumatına görə, ilk hadisə Qolpara rayonunda baş verib. Gecə növbəsində olan polis əməkdaşı Əmcəd Əli filin hücumuna məruz qalaraq həyatını itirib.
Bundan sonra isə 39 yaşlı Umakanta Moran filin hücumuna məruz qalıb. Motosikleti ilə evə qayıdan Moran yolda aqressiv fillə qarşılaşıb və heyvanın hücumu nəticəsində ölüb. Onun hamilə həyat yoldaşı və azyaşlı qızı isə sağ qalıb.
Hadisələr yerli sakinlərin etirazına səbəb olub. Sakinlər milli magistral yolu bağlayaraq Moranın qalıqlarını yola qoyublar.
Sakinlər fillərin yaşayış məntəqələrinə daxil olaraq əkin sahələrinə ziyan vurduğunu bildiriblər. Onlar magistral yol boyunca işıqlandırma və elektrik hasarlarının quraşdırılmasını tələb ediblər.
Aytəkin TOFİQQIZI














