Ukrayna üzrə danışıqlarda ilk nəticələr sentyabrın sonuna qədər əldə oluna bilər - Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişənin nizamlanmasına dair danışıqlarda ilk nəticələrin sentyabrın sonuna qədər əldə oluna biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, Zelenski bunu “İnterfaks-Ukrayna” agentliyinə açıqlamasında deyib.
Ukrayna liderinin sözlərinə görə, Rusiyada seçkilər keçirilən müddətdə danışıqlar üçün şəraitin olmayacağı iddia edilir. Bununla belə, sentyabrın sonunda Nyu-Yorkda ABŞ nümayəndə heyəti ilə görüş keçirilə bilər.
“Biz sülhə inanırıq və bu istiqamətdə irəliləyəcəyik. Bu müharibəni dayandırmağın yalnız bir yolu var, başqa yol yoxdur. Buna görə də düşünürəm ki, ilk nəticələri sentyabrın sonuna qədər əldə edə bilərik”, – Zelenski bildirib.
Qeyd edək ki, sentyabrın 5-də ABŞ-ın danışıqlar üzrə nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Ertəsi gün isə onlar Kiyevdə Vladimir Zelenski ilə münaqişənin nizamlanmasını müzakirə ediblər.
Uitkoff görüşlərin yekununda danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə edildiyini açıqlayıb.
Xədicə BAXIŞLI













