Taylandda COVID-19-la bağlı narahatedici iddialara cavab VERİLDİ
Tayland Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Departamenti ölkədə ağır simptomlarla müşayiət olunan koronavirusun anomal yayılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Avqustun sonlarından sosial şəbəkələrdə Taylandda koronavirus infeksiyasına yoluxma hallarının qeyri-adi şəkildə artması barədə məlumatlar yayılıb. Ölkənin Səhiyyə Nazirliyi isə bu iddiaların həqiqətə uyğun olmadığını açıqlayıb.
Departamentin məlumatına görə, 2026-cı il yanvarın 1-dən avqustun 31-dək Taylandda 99 691 COVID-19 hadisəsi qeydə alınıb. Bu müddətdə 15 ölüm halı baş verib ki, bu da xəstələrin ümumi sayının 0,02 faizini təşkil edir.
Müqayisə üçün qeyd olunub ki, son 2-3 ildə ölkədə COVID-19-a yoluxma hallarının ümumi sayı 600-700 min arasında dəyişib.
2025-ci ildə Tailandda 614 601 COVID-19 hadisəsi qeydə alınıb və 274 nəfər xəstəlikdən həyatını itirib. 2024-cü ildə 777 730 yoluxma və 219 ölüm, 2023-cü ildə isə 618 793 yoluxma və 852 ölüm qeydə alınıb.
Hazırda Tailandda koronavirusun Omikron NB.1.8.1 variantı üstünlük təşkil edir. Bu variant 2025-ci ildə də ölkədə geniş yayılıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, sözügedən ştam ağciyərlərin kəskin ödemi kimi ağır simptomlara səbəb olmur və əksər hallarda xəstələrin süni tənəffüs aparatına qoşulmasına ehtiyac yaranmır.
Bundan əvvəl Tailandda olan rusiyalı turistlər bədən ağrıları, yüksək hərarət və baş ağrısı kimi simptomlardan şikayətləniblər. Onlarda COVID-19 diaqnozu təsdiqlənib.
Xədicə BAXIŞLI













