ABŞ Cənubi Afrika ilə münasibətlərin yaxşılaşması üçün şərtlər irəli sürdü
ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosaya iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün yerinə yetirilməli olan tələblərin yer aldığı məktub göndərib.
Redaktor.az xəbər verir ki, bu barədə “The Daily Maverick” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, məktubu ABŞ-nin CAR-dakı səfiri Leo Brent Bozell Cənubi Afrika liderinə təqdim edib. Məktubda ABŞ ilə münasibətlərin yaxşılaşdırılması üçün CAR qarşısında bir sıra tələblər irəli sürülüb.
Tələblər arasında ölkənin Qoşulmama siyasətinə dəstəyini nümayiş etdirməsi, ABŞ-nin rəqiblərindən, o cümlədən İrandan məsafə saxlaması yer alıb.
Həmçinin fermerlərin zorakılıqdan qorunmasına xüsusi diqqət yetirilməsi, torpaqların kompensasiya ödənilmədən müsadirəsinə imkan verən qanunun ləğvi tələb olunur.
Bundan başqa, ABŞ investorlarının CAR-da fəaliyyət göstərən müəssisələrdə mülkiyyət hüquqlarının 30 faizini ölkənin qaradərili vətəndaşlarına ötürməsini nəzərdə tutan tələbdən imtina edilməsi də məktubda qeyd olunub.
Cənubi Afrika Prezidentinin nümayəndəsi Vinsent Maqvenya bildirib ki, Ramafosa məktuba “vaxtında” cavab verəcək. Lakin o, cavabın dəqiq nə vaxt veriləcəyini açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin BRİKS sammiti çərçivəsində Ramafosa ilə görüşüb. Görüş zamanı Cənubi Afrika lideri Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Rusiya–Afrika” sammitində iştirak etməyəcəyini bildirib.
Xədicə BAXIŞLI













