Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi məkanlar müzakirə olunur - BƏƏ və Türkiyə variantları

 12:05 13.09.2026     239

Ukrayna üzrə üçtərəfli danışıqların keçirilməsi üçün Əbu-Dabi şəhəri mümkün platforma kimi müzakirə edilib, eyni zamanda Türkiyə və digər ölkələr də bu istiqamətdə öz xidmətlərini təklif ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Birinci Kanal"a müsahibəsində Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Məlumata görə, Uşakov Rusiya lideri Vladimir Putin ilə Əbu-Dabinin vəliəhd şahzadəsi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan arasında keçirilən görüşdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtının diplomatik məkan kimi nəzərdən keçirildiyini təsdiqləyib: "Əbu-Dabi bir seçim kimi müzakirə edildi. Başqa variantlar da var, Türkiyə və digər ölkələr öz xidmətlərini təklif edirlər". Kremlin rəsmisi Əbu-Dabinin bu cür mühüm danışıqların aparılması üçün "tamamilə uyğun bir yer" olduğunu vurğulayıb.

Bildirilir ki, görüş çərçivəsində üçtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi məsələsinə də toxunulub və Uşakov bu barədə son qərarı şəxsən Prezident Vladimir Putinin verəcəyini diqqətə çatdırıb. Həmçinin Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskva tərəfinin danışıqlara hazır olduğunu, lakin bu proses zamanı hərbi əməliyyatların dayandırılmayacağını bəyan edib.

Qeyd edək ki, BƏƏ və Türkiyə münaqişə tərəfləri arasında vasitəçilik səylərini və humanitar təşəbbüsləri davam etdirən əsas neytral platformalar sırasındadır.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən