İran və Türkiyə xarici işlər nazirləri regionda böhranın dərinləşməsinə qarşı çağırış etdilər
İran və Türkiyə regionda böhranın daha da kəskinləşməsinin və genişlənməsinin qarşısını almağa çağırıblar.
Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, iki ölkənin xarici işlər nazirləri Seyid Abbas Əraqçi və Hakan Fidan arasında telefon danışığı baş tutub.
Məlumata görə, nazirlər son regional hadisələri və mövcud vəziyyəti ətraflı müzakirə ediblər. Tərəflər diplomatik məsləhətləşmələrin davam etdirilməsinin və regionda vəziyyətin sabitləşdirilməsi üçün birgə səylərin artırılmasının vacibliyini vurğulayıblar.
Bildirilir ki, bu diplomatik təmaslar Səudiyyə Ərəbistanında strateji Şərq-Qərb neft kəmərinə dron hücumları ilə bağlı aparılan araşdırmalar fonunda gerçəkləşib. Ərəbistan tərəfinin məlumatına görə, PUA-lar İraq ərazisindən buraxılıb. Məsələ ilə bağlı İran və İraq sərhəd yaxınlığında dronların aşkarlanması üzrə birgə araşdırmaya başlayıb və İraq hakimiyyəti aparatların Meysan əyalətindən havalandığını müəyyən edərək şübhəlilərin qaçmasının qarşısını almaq üçün İranla üç sərhəd keçid məntəqəsini bağlayıb.
Qeyd edək ki, Ankara və Tehran regional təhlükəsizliyin təmin olunması və gərginliyin azaldılması istiqamətində ikitərəfli dialoqun saxlanılmasına xüsusi önəm verirlər.
Aminə ŞAHSUVARQIZI













