Kreml Yəməndəki vəziyyəti izləyir - Peskov kəskin eskalasiya riskindən DANIŞDI
Rusiya hazırda ciddi şəkildə qeyri-sabit vəziyyətdə olan və əhəmiyyətli dərəcədə eskalasiya potensialı ilə üzləşən Yəməndəki siyasi prosesləri yaxından izləyəcək.
Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyinin sualını cavablandırarkən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Məlumata görə, Kremlin sözçüsü Moskvanın bölgədəki mövcud şəraiti nəzərə alaraq hansı Yəmən hökumətini qanuni hesab etdiyini yenidən nəzərdən keçirməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala təmkinli cavab verib: "Gözləyin, görək vəziyyət necə inkişaf edəcək. Hazırda vəziyyət kəskin şəkildə qeyri-sabitləşib və əhəmiyyətli dərəcədə eskalasiya potensialı ilə doludur. İndi ən vacib məsələ vəziyyəti sabitləşdirməkdir".
Bildirilir ki, Yəməndəki vəziyyət sentyabrın başlanğıcında üsyançı hərəkatının ölkənin cənub-qərbində genişmiqyaslı hücuma keçməsi ilə kəskin gərginləşib. Husilər Qırmızı dəniz sahillərinə və Taiz ətrafına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirərək Moçaya gediş-gəlişi kəsməyə və strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına doğru irəliləməyə cəhd ediblər.
Qeyd edək ki, sentyabrın 11-də husilərin hərbi sözçüsü Yəhya Səriyə "Ənsarullah" qüvvələrinin sentyabrın 3-dən etibarən qərb sahilində Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən birləşmələri qovmaq məqsədilə hərbi əməliyyat başladığını bildirib. Səriyənin iddiasına görə, əməliyyatlar nəticəsində Taiz və Əl-Hudeyda əyalətlərində ümumi sahəsi 5 400 kvadratkilometr olan altı rayon nəzarətə götürülüb.
Aminə ŞAHSUVARQIZI













