Hakan Fidan Suriyaya səfər edəcək

 14:26 13.09.2026     243

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya rəsmi səfəri zamanı kürd birləşmələrinin ölkə ordusuna inteqrasiyası, İsrailin regiondakı təcavüzkar addımları və Suriya dövlət institutlarının möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyinə istinadən Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbə məlumat verib.

Məlumata görə, Türkiyə xarici siyasət idarəsinin rəhbəri sentyabrın 13-14-də Suriyada işgüzar səfərdə olacaq. Səfər çərçivəsində Ankara tərəfindən dəstəklənən sülh, sabitlik və rifahın bərqərar olunması səyləri, eləcə də ikitərəfli əlaqələrdə əldə edilən irəliləyişlər hərtərəfli qiymətləndiriləcək. Danışıqların əsas mövzularından biri Suriya Demokratik Qüvvələrinin (SDF, kürd birləşmələri) ləğvi və onların mərkəzi ordunun tərkibinə inteqrasiyası prosesi olacaq. Fidan bu istiqamətdə qəbul edilmiş qərarların vaxtında icra olunmasının vacibliyini diqqətə çatdıracaq.  

Bildirilir ki, Türkiyəli nazirin gündəliyində Suriyanın cənubundakı gərgin vəziyyət və ölkənin təhlükəsizliyini təhdid edən İsrail təcavüzünə qarşı beynəlxalq ictimaiyyətlə birgə atılacaq addımlar da yer alır. İkitərəfli formatda isə ticarət, energetika, nəqliyyat və infrastruktura dair davam edən əməkdaşlığın hüquqi və institusional bazasının gücləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ankara və Dəməşq arasında son dövrlərdə intensivləşən diplomatik təmaslar regional təhlükəsizlik və sərhəd toxunulmazlığının temin olunmasında mühüm mərhələ hesab olunur.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən