Pekin dronlardan istifadəni qadağan edəcək
Pekin hakimiyyəti noyabrın 15-dən etibarən şəhər ərazisində pilotsuz uçuş aparatlarının (PUA) və onların komponentlərinin istifadəsini, saxlanılmasını və sahibliyini qadağan edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə “China Daily” məlumat yayıb.
Qəzetin məlumatına görə, noyabrın 15-dən Pekinin bütün inzibati ərazisi PUA-lar üçün nəzarət olunan hava məkanı elan ediləcək.
Yeni qaydalara əsasən, fiziki və hüquqi şəxslərə dronları və onların komponentlərini paytaxta gətirmək və daşımaq da qadağan ediləcək.
Şəhər ərazisində dronların uçuşlarına da, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilməyəcək. Terrorla mübarizə, asayişin qorunması, fövqəladə xilasetmə və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə məşğul olan qurumlar istisna təşkil edəcək.
Məlumata görə, dron sahibləri noyabrın 15-dək cihazlardan imtina etməlidirlər. Onlara aparatları texnikanın satın alınması ilə məşğul olan şirkətlərə və ya hakimiyyət tərəfindən sertifikatlaşdırılmış müəssisələrə satmaq, yaxud müəyyən edilmiş məntəqələrdə təhvil verərək təkrar emala göndərmək təklif olunur.
Hakimiyyət hər bir dron üçün 14,9-447 dollar arasında subsidiya ödəyə bilər.
Xədicə BAXIŞLI













