“Aİ-nin yeni Arktika strategiyasının əsasını təhlükəsizlik təşkil edəcək” - Kaya Kallas
Avropa İttifaqı (Aİ) əsas diqqətin təhlükəsizliyə yönəldiləcəyi yeni Arktika strategiyası hazırlayacaq.
Redaktor.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Biz həmçinin əsasında təhlükəsizliyin dayanacağı yeni Aİ Arktika strategiyasını irəli sürürük. Çünki bunun Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsi olduğu aydındır. Bu strategiyanı oktyabrda təqdim edəcəyik və burada, şübhəsiz ki, konkret layihələr də olacaq”, - deyə Kallas qeyd edib.
Aİ-nin yeni strategiya hazırlamasını Kallas Rusiyanın regiondakı fəallığı, eləcə də Çinin Arktikaya marağı ilə əlaqələndirib. O, Aİ-nin Arktikada buzqıran gəmilərə ehtiyacı olduğunu da vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl bir sıra Aİ ölkələri İttifaqı Arktika ilə bağlı strateji və fəal mövqe tutmağa çağırıb. Sentyabrın 14-də Litva Prezidenti Gitanas Nauseda da NATO-nu Arktika regionunda hərbi mövcudluğunu gücləndirməyə çağırıb.
Sentyabrın 9-da isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Arktikada hərbi üstünlük əldə etmək üçün addımlar atdığını bildirib.
Xədicə BAXIŞLI













