Donbasa Hindistan və Çin sülhməramlıları göndərilsin - TƏKLİF
Ukraynanın Donbas bölgəsində münaqişənin dayandırılması üçün Hindistan və Çindən sülhməramlı qüvvələrin yerləşdirilməsi təklif olunub.
Redaktor.az xəbər verir ki, bu təklifi Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş əməkdaşı İvan Stupak irəli sürüb. O, bunun Ukraynanın ərazi itkiləri olmadan münaqişənin dayandırılmasına kömək edə biləcəyini bildirib.
Stupakın sözlərinə görə, Rusiya Qərb ölkələrinin sülhməramlı qüvvələrinin yerləşdirilməsinə qarşıdırsa, bu missiyada Qərb ölkələri olmayan dövlətlər iştirak edə bilər.
“Əgər onlar Rusiya Qərb sülhməramlılarına qarşıdırsa, Qərb olmayan ölkələrin nümayəndələri olsun. Hindistan, Çin ola bilər. Düşünürəm ki, Rusiyanın həqiqətən belə bir niyyəti varsa, onlardan imtina etməsi çətin olacaq. Mən bunu belə təsəvvür edirəm: təmas xəttində, məhz Donetsk vilayətində sülhməramlılar yerləşdirilir”, – deyə o bildirib.
Stupak eyni zamanda həmin ərazinin “Ukraynanın inzibati nəzarəti altında” qalmasını istəyir. O, məsələnin mürəkkəb olduğunu etiraf etsə də, bunun müzakirə edilməsinin vacibliyini vurğulayıb. Keçmiş SBU əməkdaşının fikrincə, sülhməramlılar münaqişənin nizamlanmasında rol oynaya bilər.
NURİYYƏ













