Finlandiya Ukraynaya 290 milyon avroluq hərbi yardım GÖNDƏRƏCƏK

 16:55 15.09.2026     228

Finlandiya Ukraynaya 34-cü hərbi yardım paketini təqdim edəcək. Yeni yardım paketinin ümumi dəyəri 290 milyon avro təşkil edir.

Redaktor.az xəbər verir ki, bu barədə Finlandiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni paket Finlandiyanın Ukraynaya təqdim etdiyi ikinci ən böyük hərbi yardım paketidir. Helsinki indiyədək Kiyevə ümumilikdə 3,6 milyard avro dəyərində müdafiə məhsulları göndərib.

Məlumata görə, yeni paketə Ukraynanın təcili olaraq tələb etdiyi hərbi ləvazimatlar daxil ediləcək. Yardım çərçivəsində Finlandiyanın yerli müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi məhsulların da təqdim olunması nəzərdə tutulur.

Finlandiyanın müdafiə naziri Antti Häkkinənin sözlərinə görə, ölkəsi Ukraynanı müdafiə mübarizəsində dəstəkləməyə davam edir. O qeyd edib ki, Ukraynaya göstərilən dəstək Finlandiyanın müdafiə sənayesinin imkanlarının gücləndirilməsinə də xidmət edir.

Paketin dəqiq tərkibi, yardımın çatdırılma üsulu və müddəti əməliyyat səbəbləri, eləcə də təhlükəsizliyin təmin edilməsi məqsədilə açıqlanmayacaq.

Nazirlik əlavə edib ki, yardım hazırlanarkən həm Ukraynanın ehtiyacları, həm də Finlandiya müdafiə qüvvələrinin resurs vəziyyəti nəzərə alınıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən