BMT Ukraynaya humanitar yardımları yeraltına köçürə BİLƏR
BMT Ukraynaya göndərilən humanitar yardımların mümkün hava zərbələrindən qorunması üçün onların yeraltına köçürülməsi imkanını nəzərdən keçirir.
Redaktor.az xəbər verir ki, bunu BMT-nin Ukraynadakı humanitar məsələlər üzrə koordinatoru Mattias Şmale “Reuters”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, BMT humanitar yükləri yeraltı bunkerlərə yerləşdirə bilər. Həmçinin yüklərin hər hansı zərbəyə məruz qalması riskini azaltmaq üçün humanitar yardımın satın alınmasını mümkün qədər son ana qədər təxirə salır.
“Cəbhə xəttinin getdikcə daha çox havaya keçdiyi təəssüratı yaranır. Bu, həm də vergi ödəyiciləri üçün əlavə xərclər deməkdir. Çünki nəticədə BMT və digər humanitar təşkilatların çatdırdığı malların pulunu onlar ödəyirlər”, - deyə Şmale bildirib.
O, eyni zamanda qeyd edib ki, bu cür tədbirlərlə bağlı xərclər təşkilatın 2026-cı il büdcəsində nəzərdə tutulmayıb.
Qeyd edək ki, sentyabrın 15-də BMT-nin baş katibi vəzifəsinə namizəd, Uqandanın keçmiş daimi nümayəndəsi Olara Otunnu Ukraynadakı münaqişənin başa çatdırılması üçün BMT-nin himayəsi altında qlobal sülh konfransının təcili çağırılmasına dair çağırış edib.
Xədicə BAXIŞLI













