"TikTok"un yaradıcısı ilk dəfə Asiyanın ən varlı şəxsi OLDU

 14:47 16.09.2026     52

ByteDance şirkətinin təsisçisi Çjan İmin Asiyanın ən varlı şəxsi olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

43 yaşlı Çjan İminin sərvəti 105 milyard dolları ötüb. “Bloomberg”in milyarderlər indeksinə əsasən, o, bu göstərici ilə hindistanlı iş adamı Qautam Adanini geridə qoyaraq ilk dəfə Asiyanın ən varlı şəxsi adını qazanıb.

Agentlik qeyd edir ki, Çjan İminin sərvətinin artması son dövrlərdə süni intellektlə əlaqəli biznes sahələrinin ənənəvi sənaye sahələrinin nümayəndələri ilə müqayisədə daha böyük kapital toplamasını əks etdirir.

Çjan İmin üçün bu nəticə onun yaratdığı “TikTok” tətbiqinin ABŞ-də qadağan olunmaq təhlükəsi ilə üzləşməsindən sonra mühüm göstərici hesab olunur. “Bloomberg”in məlumatına görə, 2019-cu ilin martından etibarən iş adamının sərvəti səkkiz dəfə artıb. Həmin vaxt onun sərvəti 13 milyard dollar təşkil edirdi.

Çjan İmin 1983-cü ildə Çinin Futszyan əyalətində dövlət qulluqçularının ailəsində anadan olub. 2001-ci ildə Tyantszin şəhərində yerləşən Nankai Universitetinə daxil olub. Təhsilinə mikroelektronika ixtisası üzrə başlayan Çjan daha sonra proqram mühəndisliyinə keçib və 2005-ci ildə bakalavr dərəcəsi alıb.

O, karyerasına “Kuxun” adlı turizm startapında mühəndis kimi başlayıb. Qısa müddət ərzində şirkətdə texniki direktor vəzifəsinə yüksəlib. Daha sonra “Microsoft”da çalışıb, lakin bu işi “maraqlı, amma faydasız” hesab etdiyini bildirib.

2012-ci ildə Çjan İmin Pekində kiçik bir mənzildə “ByteDance” şirkətini yaradıb. Onun əsas ideyası süni intellektdən istifadə etməklə istifadəçilərə fərdiləşdirilmiş məzmun tövsiyə etmək olub. Şirkətin ilk məhsulu “Toutiao” xəbər aqreqatoru olub.

2016-cı ildə “ByteDance” “Douyin” tətbiqini istifadəyə verib. Tətbiq beynəlxalq bazarda “TikTok” adı ilə tanınıb.

Çjan İmin 2021-ci ildə “ByteDance” şirkətinin baş direktoru və idarə heyətinin sədri vəzifələrindən istefa verib. O, qərarını “ideal menecer” olmaq üçün tələb olunan bəzi keyfiyyətlərə malik olmaması ilə izah edib.

“Bloomberg”in məlumatına görə, Çjan İmin hazırda şirkətdə səsvermə hüquqlarının 50 faizindən çoxunu özündə saxlayır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən