Pakistan Hindistana diplomatik nota təqdim ETDİ
Pakistan Yeni Dehliyə etiraz notası göndərib.
Redaktor.az xəbər verir ki, buna səbəb Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin Pakistanın İqtisadi Zonasında təhlükəli manevrlər edərək hərbi gəmi ilə toqquşması olub.
Pakistan Xarici İşlər Nazirliyi dünən hər iki ölkəyə məxsus gəmilərin hadisə yerində olduğunu bildirib.
Oman dənizində baş verən toqquşma ilə bağlı Pakistan tərəfi narahatlığını ifadə edib.
Bəyanatda deyilir ki, Hindistan donanmasına məxsus gəminin hərəkəti ilə əlaqədar olaraq, bu ölkənin İslamabaddakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və hadisəyə "şiddətli etiraz" bildirilib:
"Hindistan tərəfinə beynəlxalq hüquqa və xüsusən də dənizdə insidentlərin qarşısını almağa yönəlmiş ikitərəfli müqavilələrə ciddi şəkildə riayət etmək tövsiyə olunub".
Hindistan tərəfi də öz növbəsində gəmilərin toqquşması ilə bağlı Pakistana etiraz bildirib və bu ölkənin Yeni Dehlidəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.













