İtkin düşən turist bir həftə sonra TAPILDI

 09:07 17.09.2026     107

70 yaşlı turist ABŞ-də bir həftə itkin qaldıqdan sonra ucqar adada tapılaraq xilas edilib.

Redaktor.az "The Guardian"a istinadla xəbər verir ki, Kreyq Berq sentyabrın əvvəlində Miçiqandakı Ayl Royale adasında təkbaşına gəzintiyə çıxıb.

O, sentyabrın 5-də bərə ilə Miçiqanın Yuxarı Yarımadasına qayıtmalı idi. Lakin evə qayıtmayıb və ailəsi onun itkin düşməsi barədə məlumat verib.

Sentyabrın 6-da Berqin axtarışına başlanılıb. Xilasedicilər əvvəlcə onun marşrutunu başa vurmağı planlaşdırdığı Rok Harbor ərazisində axtarış aparıblar.

Daha sonra axtarış ərazisi genişləndirilib. Xilasedicilər avqustun 30-da təhlükəsizlik kamerasında göründüyü Qrinstoun Ridge cığırında da axtarış aparıblar.

Berq sentyabrın 12-də adada tapılıb. Onun müxtəlif xəsarətləri və hipotermiyası olduğu bildirilib. Buna baxmayaraq, kişi huşunu itirməyib.

Xilasedicilər onu "MH-60 Jayhawk" helikopteri ilə Miçiqanın Qvinn şəhərinə aparıblar.

Berqin oğlu Evan atasının vəziyyətinin ağır olduğunu, lakin danışa bildiyini deyib. Onun sözlərinə görə, 70 yaşlı kişi artıq yemək və su istəyib.

Qeyd edək ki, Ayl Royale yolların olmadığı və təkərli nəqliyyat vasitələrinin qadağan edildiyi ucqar milli parkdır. Buna görə də ərazidə axtarış aparan qruplar sıx meşələr və qayalı silsilələr arasından piyada hərəkət etməli olurlar.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən