Arıqlamaq üçün əməliyyat keçirdi, iflic oldu: “Peşmanam”

 10:48 17.09.2026     97

29 yaşlı qadın arıqlamaq üçün keçirdiyi əməliyyatdan sonra iflic olub.

Redaktor.az “The Sun”a istinadən xəbər verir ki, Nadin Hatçett 18 yaşında arıqlamaq məqsədilə mədə bypass əməliyyatı keçirib və bundan sonra ciddi sağlamlıq problemləri yaşayıb.

Hatçett uşaqlıqdan artıq çəkili olduğunu, lakin bunu problem hesab etmədiyini bildirib. Onun sözlərinə görə, 18 yaşında həkimlər həyatını xilas etmək üçün arıqlamalı olduğunu deyiblər. Bundan sonra o, mədə bypass əməliyyatına razılaşıb.

2015-ci ilin dekabrında yeddi saat davam edən əməliyyat keçirən qadın daha sonra 108 kiloqram arıqlayıb. Lakin bir müddət sonra onda şiddətli ağrılar, tez-tez qusma, qida və maye qəbulunda çətinlik, həmçinin beyin bulanması yaranıb.

Daha sonra Hatçett görmə qabiliyyətini və ayaqlarında hissiyyatı itirməyə başlayıb. Əvvəlcə həkimlər onun vəziyyətini əməliyyatdan sonrakı ağırlaşmalarla əlaqələndirsələr də, aparılan müayinələr nəticəsində qadına Vernike ensefalopatiyası diaqnozu qoyulub.

Xəstəliyin B1 vitamini çatışmazlığından yarandığı və beyinlə sinirlərin zədələnməsinə səbəb olduğu bildirilib.

Hatçett yeddi ay xəstəxanada müalicə alıb. Xəstəxanadan çıxdıqdan sonra əlil qalıb.

“11 ildən sonra yenidən yeriməyi öyrənirəm. Çoxlu dərman qəbul edirəm və görmə qabiliyyətim zəif olaraq qalır. Xroniki ürəkbulanma, daimi yorğunluq və ağrıdan əziyyət çəkirəm. Hələ də anamla yaşayıram. Bu əməliyyat məni müstəqilliyimdən məhrum etdi”, - deyə o bildirib.

29 yaşlı qadın hazırda əməliyyata razılaşdığına görə peşman olduğunu deyib. O, səhhətindəki problemlərin gələcəkdə ailə qurmasına və uşaq sahibi olmasına mane ola biləcəyindən narahatdır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən