Merz istefa verəcək, yoxsa hakimiyyətdə qalacaq? - Beş ssenari
Almaniya kansleri Fridrix Merzin vəzifəsindən getməyərək hakimiyyətdə qalmaq uğrunda mübarizə aparacağı gözlənilir.
Redaktor.az xəbər verir ki, “Politico” Almaniyadakı siyasi böhranın necə başa çatacağı ilə bağlı beş mümkün ssenarini təhlil edib. Nəşr Merzin istefa vermək əvəzinə vəzifəsini qorumağa çalışmasının ən real variant olduğunu qeyd edib.
Məqalədə bildirilir ki, Almaniya kansleri Fridrix Merz vəzifəyə başlamasından cəmi 16 ay sonra siyasi təzyiqlərlə üzləşib. O, iddialı islahat proqramı vəd edib və Almaniyanın Avropadakı liderliyini bərpa edəcəyini bildirib.
“Politico” Mertsin partiya dəstəyinin zəifləməsi səbəbindən istefa verməsi ehtimalını 5 üzərindən 3 balla qiymətləndirib. Lakin Merz istefa vermək niyyətini Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə bildirsə, prezidentin parlament tərəfindən yeni kansler seçilənədək ondan müvəqqəti olaraq vəzifəsində qalmasını xahiş edə biləcəyi qeyd olunub.
Nəşr Merzin etimadsızlıq səsverməsi nəticəsində istefa verməsini isə demək olar ki, mümkünsüz hesab edib. Almaniya Konstitusiyasına əsasən, belə səsvermə “konstruktiv” olmalıdır. Yəni müxalifət kanslerin yerinə başqa namizəd irəli sürməli və həmin namizəd eyni zamanda parlamentdə səs çoxluğu qazanmalıdır.
“Politico” Merzin etimad səsverməsini qazanması ssenarisinə 5 üzərindən 2 bal verib. Bu halda kansler koalisiya daxilində hələ də kifayət qədər dəstəyə malik olduğunu göstərmək üçün etimad səsverməsini özü başlada və ya növbədənkənar seçkilərə yol aça bilər.
Merz etimad səsverməsini itirərsə, Ştaynmayer 21 gün ərzində Bundestaqı buraxa bilər. Lakin bunun üçün Mertsin belə bir addımın atılmasını təklif etməsi lazımdır.
Nəşr Almaniya üçün Alternativin (AfD) hazırkı sorğulardakı güclü mövqeyini nəzərə alaraq, nə Xristian Demokrat İttifaqının (CDU), nə də Almaniya Sosial Demokrat Partiyasının (SPD) hazırda növbədənkənar seçkilərdə maraqlı olmadığını yazıb.
AfD-nin parlamentdə çoxluğu təmin etmək üçün CDU/CSU namizədini dəstəkləməsi də mümkün ssenarilərdən biri kimi nəzərdən keçirilib. Lakin bu variantın partiya rəhbərliyində bir çoxları üçün qəbuledilməz olduğu, Merzin də ifrat sağçıların dəstəyi ilə hakimiyyətdə qalmaq ehtimalını istisna etdiyi bildirilib. “Politico” bu ssenariyə 5 üzərindən 0 bal verib.
Nəşrin ən real hesab etdiyi ssenari isə Mertsin vəzifəsində qalaraq liderliyi uğrunda mübarizə aparmasıdır. Bu variant 5 üzərindən 4 balla qiymətləndirilib.
Məqalədə qeyd olunub ki, səkkiz mərkəz-sağçı Almaniya baş nazirinin Merzi dəstəkləyən məktub imzalaması onun mövqeyini gücləndirib. Məktubda Almaniyanın “etibarlılığa və hərəkətə ehtiyacı olduğu”, hazırda isə “kadr məsələlərinin müzakirəsinə” ehtiyac olmadığı bildirilib.
“Politico” hesab edir ki, məktub CDU-nun yüksək vəzifəli şəxsləri arasında Mertsin bu mərhələdə vəzifədən uzaqlaşdırılması üçün kifayət qədər iradənin olmadığını göstərə bilər. Bu halda partiya SPD-ni daha güclü sosial islahatlar həyata keçirməyə çağıraraq öz populyarlığını bərpa etməyə çalışa bilər.
Aytəkin TOFİQQIZI













