İsveçdə parlament seçkisi hakimiyyəti dəyişdi: Müxalifət qalib gəldi
İsveçdə sentyabrın 13-də keçirilən parlament seçkisinin nəticələri nəinki ölkənin növbəti hökumətinin taleyini müəyyənləşdirdi, həm də son illərdə Avropada müşahidə olunan sağa meyillənmə prosesinin necə dəyişə biləcəyini göstərdi.
Redaktor.az xəbər verir ki, seçkidə keçmiş baş nazir Maqdalena Anderssonun rəhbərlik etdiyi mərkəz-sol müxalifət bloku cəmi bir mandat fərqi ilə üstünlük qazanıb. Belə ki, 349 yerlik Riksdaqda (parlament) dörd müxalifət partiyası ümumilikdə 175 mandat, hazırkı baş nazir Ulf Kristerssonun rəhbərlik etdiyi sağ blok isə 174 mandat əldə edib.
Nəticələr elan olunandan sonra Ulf Kristersson baş nazir vəzifəsindən istefa verəcəyini açıqlayıb. O, yeni hökumətin formalaşdırılması prosesinin parlament sədrinin rəhbərliyi ilə başlamasına imkan yaratmaq üçün vəzifədən azad edilməsini istəyib.
2022-ci il seçkisindən sonra Ulf Kristerssonun rəhbərlik etdiyi sağ mərkəzçi hökumət formalaşmışdı. Moderatlar, Xristian Demokratlar və Liberallar hökumətin əsasını təşkil edir, İsveç Demokratları isə parlamentdə hökuməti dəstəkləyirdi.
Bu seçki nəticəsində müxalifət blokunun lideri Maqdalena Andersson İsveçin yeni baş naziri olacaq.
Lakin seçkinin nəticəsi Anderssona avtomatik olaraq rahat hökumət qurmaq imkanı vermir.
Sosial Demokratlar, Sol Partiya, Yaşıllar və Mərkəz Partiyası birlikdə 175 mandat əldə etsələr də, bu partiyaların iqtisadiyyat, miqrasiya və digər məsələlər üzrə mövqeləri tam üst-üstə düşmür.
Xüsusilə Mərkəz Partiyasının Sol Partiya ilə hökumətdə əməkdaşlıq məsələsində ehtiyatlı mövqeyi yeni kabinetin formalaşdırılmasını çətinləşdirə bilər. "Associated Press" də Anderssonun qarşısında məhz müxalifət blokundakı daxili fikir ayrılıqlarının dayandığını qeyd edir.













