Qadın sosial şəbəkədən böyrək donoru TAPDI
Böyük Britaniyada böyrək çatışmazlığından əziyyət çəkən qadın sosial şəbəkədə yardım çağırışı etdikdən sonra tanımadığı şəxsdən böyrək alıb.
Redaktor.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Karen Deyvi böyrək çatışmazlığından əziyyət çəkib və ailə üzvləri, eləcə də dostları arasında uyğun donor tapa bilməyib. Bundan sonra o, sosial şəbəkədə vəziyyəti barədə paylaşım edərək yardım istəyib. Qadın dörd övladını anasız qoymaqdan ən çox qorxduğunu bildirib.
Onun paylaşımını təsadüfən 60 yaşlı Geri Sammerfild görüb. Karenlə daha əvvəl heç vaxt tanış olmayan kişi donor olmaq qərarına gəlib və tibbi müayinədən keçib. Nəticədə onun Karen üçün uyğun donor olduğu müəyyənləşib.
“Mən düşündüm ki, bu qadına mənim bir böyrəyim iki böyrəyimin mənə lazım olduğundan daha çox lazımdır”, - deyə Sammerfild bildirib.
Kardiffdəki Uels Universiteti Xəstəxanasında həkimlər altı saat davam edən əməliyyatla böyrək transplantasiyasını həyata keçiriblər.
Bu, Karen üçün həyati əhəmiyyət daşıyan ikinci orqan transplantasiyasıdır. Təxminən 10 il əvvəl, 31 yaşında keçirdiyi infarktdan sonra ona ürək köçürülüb.
Qadın transplantasiyadan sonra qəbul etdiyi dərmanların böyrəklərində problemlərə səbəb olduğunu bildirib. Yeni əməliyyatdan sonra isə Karen özünü “yüz dəfə daha yaxşı” hiss etdiyini deyib.
NURİYYƏ













