“Polşa qarşıdakı dövrdə ciddi sınaqla üzləşə bilər”
Polşa yaxın dövrdə indiyədək qarşılaşmadığı təxribat və insidentlərlə bağlı ciddi sınaqla üzləşə bilər.
Redaktor.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Polşaya qarşı hər hansı işğal təhlükəsindən xəbər verən əlamət yoxdur. Bununla belə, ölkənin daha təhlükəli təxribat və insidentlərin hədəfinə çevrilməsi mümkündür.
“Biz bu sınaqdan keçməliyik – həm siyasətçilər, həm də bütövlükdə xalq olaraq. Buna görə də hamınıza müraciət edirəm: sərhədlərimizin, Polşa üzərindəki hava məkanının və ya evlərimizin təhlükəsizliyi ilə bağlı məsələ yarandıqda, vahid mövqedən çıxış etməli və tərəddüd etmədən birgə qərarlar qəbul etməliyik”, - Tusk bildirib.
Polşa hökuməti son günlər Rusiyanın mümkün eskalasiyası ilə bağlı xəbərdarlıqlarını artırıb. Tusk sentyabrın 13-də də qarşıdakı həftə və aylarda Rusiyanın fəaliyyətinin intensivləşə biləcəyini və bunun Polşa ərazisinə də təsir göstərə biləcəyini istisna etmədiyini açıqlamışdı.
Tusk çıxışında həmçinin ABŞ və Avropadakı bəzi siyasətçilərin mümkün hücum halında Polşa, Litva, Latviya və Estoniyanı müdafiə etməmək üçün bəhanə axtardığını bildirib. O, bəzi siyasətçilərin və siyasi partiyaların Varşava, Vilnüs, Riqa və Tallinnə yardım göstərməyəcəklərini söyləmək üçün əsas axtardıqlarını iddia edib.
Xədicə BAXIŞLI













