Türkiyədə məşhurlara qarşı “narkotik” əməliyyatı: 18 nəfər SAXLANILDI
İstanbulda aralarında aktyor, müğənni və sosial media fenomenlərinin də olduğu 18 şübhəli barəsində narkotik maddələrdən istifadəyə şərait yaratmaq və bunun üçün yer təmin etmək ittihamları üzrə saxlanılma qərarı verilib.
Redaktor.az xəbər verir ki, bu barədə İstanbul Bakırköy Respublika Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluğun açıqlamasına görə, cəmiyyətin sağlamlığı və təhlükəsizliyinə təhdid yaradan narkotik maddələrin istifadəsi ilə mübarizə çərçivəsində araşdırma başlanılıb.
Texniki və fiziki izləmə tədbirləri nəticəsində ictimaiyyətə aktyor, müğənni, iş adamı, sahibkar və sosial media fenomeni kimi tanınan bəzi şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyinə, həmçinin maddələrdən istifadəyə şərait yaratmaq üçün yer təmin etdiyinə dair əsaslı şübhəni təsdiqləyən konkret dəlillər əldə edilib.
Əldə olunan məlumatlar əsasında Bakırköy Respublika Baş Prokurorluğu İstanbul İl Jandarma Komandanlığına 18 şübhəli barəsində əməliyyat keçirilməsi barədə göstəriş verib.
Əməliyyat çərçivəsində şübhəlilərin saxlanılması, ev və iş yerlərində axtarış aparılması, bioloji nümunələrin götürülməsi və ifadələrinin alınması nəzərdə tutulub. Daha sonra onların istintaq tədbirlərinin davam etdirilməsi üçün Baş Prokurorluğa təqdim olunacağı bildirilib.
Saxlanılma qərarı verilən şəxslər arasında aktyor Aras Bulut İynemli, müğənni Sefo (Seyfullah Sağır), aktrisa Melis Sezen, Nilperi Şahinkaya, Hande Demir, keçmiş futbolçu Hasan Şaş, Melis İşiten, Yeliz Yeşilçimen, Anıl Durmuş, Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır və Sayat Zurnacının da olduğu bildirilir.
Qeyd edək ki, barələrində saxlanılma qərarı verilən şəxslərin narkotik maddələrdən istifadə etdikləri və ya istifadəyə şərait yaratdıqları barədə iddialar istintaq çərçivəsində araşdırılır.
NURİYYƏ













